ANA SƏHİFƏ MəsləhətlərAzərbaycan toylarının 9 mənfi xüsusiyyəti
Şadlıq Sarayı
MENYU
TƏDBİR
QONAQ SAYI

Azərbaycan toylarının 9 mənfi xüsusiyyəti

  • Azərbaycan toylarının 9 mənfi xüsusiyyəti

     

    Azərbaycan toylarının qədim ənənəsinin olması hamıya çoxdan bəllidir. Yəqin ki,  həyatımızn heç bir  sahəsində toyda olduğu qədər rəngarəng adət və yazılmamış qanunlar yoxdur. Lakin nəzərə almaq lazımdır ki, heç də toyla bağlı bütün görünənlər və yaşananlar xoş təəssürat yaratmır.

    1. Yemək Masası.

     İlk növbədə toy deyəndə ilk yada düşən nazu nemətlərdir. Toylarda masaların üstü o qədər fərqli yeməklərlə dolu olur ki, avropada kral məclislərini belə çeşidlərimizlə təəccübləndirə bilərik. Yaxşı deyəcəksən ki, bunun nəyi pisdir? Qoy heç olmasa burada paxıllığımızı çəksinlər də! Amma tələsmə. Ilk növbədə bu ev yiyəsi üçün artıq xərcdir. Demək israfçılıqdır. Hətta bundan pul qazanan şadlıq sarayları administratorları belə qəbul edirlər ki, toydan sonra kifayət qədər məhsul lazımsız yerə tullanır. Məsələnin ikinci tərəfi bizim üçün yaxın olan qonaqlarımızın sağlamlığı üçün ziyanlıdır. Müxtəlif salatlar, kabablar, meyvələr, tortlar, içkilər hamısı yekunda bir mədəyə gedir. Axşam orda nəyin baş verəcəyinə təəccüblənmək lazım deyil. Nəzərə almaq lazımdır ki, indi 80 və 90-ci illər deyil. Insanlar əvvəlki kimi ac da deyilllər. Bir hissəsi də diyetaya oturub. Demək yeməyin miqdarı da əvvəllər olduğu qədər olmaya da bilər. Əsas məsələ yeməyin və içkilərin həqiqi keyfiyyətli olmasıdır.

     

      2. Toyda qonaqların sayı.

    Mən qəbul edirəm ki, biz şərq mədəniyyətinin daşıyıcısı kimi və əsl qafqazlılar kimi çox istiqanlı və çoxlu tanışlara sahib insanlarıq. Lakin bu istiqanlığın və tanışbazlığın toy günü sankı mitinqə gəlib biri-birini tanımayan insan kütləsinə çevrilməsinə gərək aludə olmayaq. Heçdə dostuvun dostunu, xalanqızıvın əmisigili, qonşuvun bacısını toyuva dəvət etməsən onların səndən inciyəcəyini düşünmə.  Yəqinki, əksinə sevinəcəyini bil. Düzdür nə vaxtsa üz-üzəgələndə bəlkə söz ata bilərki, “məni niyə toyuva dəvət etmədin?” , “ məni toyuva çağırmasan inciyərəm aaa...” . Lakin qəbul edin ki, bunların böyük əksəriyyəti  üzdə özünü yaxın göstərmək üçün deyilən kəlmələrdəndir. Toy vaxtı ilə el-oba yığıncağı olsa da, zaman keçir və dövran transformasiya olunur. Toyunuzun yığıncaq deyil, yaxın insanlardan (münasibət və düşüncə baxımından) ibarət xoş atmosferli bir məclisin olması bütün iştirakçlar üçün də rahat olar. Xüsusilə də bəy və gəlin üçün. Məclisinizdə insanlar nə qədər yaxınlar qismində iştirak edərsə toydan sonra söz-söhbət, dava-dalaşın düşmə ehtimalı da bir o qədər az olacaq. Misal üçün daim kinolarına və həyat tərzlərinə həsədlə baxdığımız avropa, ABŞ, lap ele götürək Rusiya və Türkiyə toylarnı. Burda 80-120 nəfərdən ibarət bir yerdə (qız-oğlan toyu) təşkil olunan toy məclisi böyük bir toy kimi qəbul olunur.  Və fərq etməz bu həm şəhər yerlərində, həm də kəndlərdə təqribən eyni saydadır. Bizdə isə xüsusilə rayon yerlərində 600 nəfərlik şadlıq sarayı oğlan və qız evinə azlıq təşkil etdiyindən toylar hələ də fərqli günlərdə keçirilir. 95% oğlan evi, 5% qız evinin qonaqları. Indi hünəri var qız evindən kimsə artıq əskik bir mahnı sifariş etsin. Keçib bir küncdə oturacaq, işdi bəxti gətirib bir söz verib rəqsə dəvət etsələr meydan boşalıb yeni qohumların bacarıqları əks tərəfdən dəyərləndiriləcək. Toy işdi həmin günü sağ-salamat başa vurularsa, dərindən nəfəs alıb, ağır bir məsuliyyətin çiyinlərdən düşdüyünə qəbullanacağıq. Elə fərqimiz də xaricilərnən bundadır. Biz toyu yük, onlar isə bayram kimi qəbul edirlər. Elə ona görə də toyda döyülən bizdə, sevinib-əylənən isə onlarda çox olur. Başqa bir fərqimiz isə toy sanki, 25 il görmədiyimiz və haqqında eşitmədiyimiz əmioğlu və sinifyoldaşı ilə görüş yerinə çevrilir. Kim bilir bəlkə elə  yaxşısı budur....

     

    1. Şablon toylar

    Toy Azərbaycanda konveyer və əsl biznes xarakteri alıb. Istehsalat və biznes isə dəqiqliyi, yazılmış müddəalardan kənara çıxmanı sevmir. Əks halda gecikmələr və pul kəsrləri baş verə bilər. Şadlıq saraylarının əksəriyyəti buna məhz bu cür baxır. Bunu da öz müştərilərinə yansıtmağa çalışır. Fikir verin toylarda eyni tipli mahnılar, eyni çeşidli yeməklər, eyni simalı tanınan və tanınmayan müğənnilər, eyni rəqslər, dəyişməyən arzu və istəklərdən (tostlar) ibarətdir. Toylarda səslənən mahnıların çeşid sayı 30-50 arası dəyişə bilər. Playlistdə fərqlilik yalnız həmin il hansısa müğənninin dəbdə olan mahnısının sintezatorda flashkadan səslənməsi və ya ara müğənninin  öz polifonik səsi ilə ifası zamanı yaranır. Bunları zatən sən tv və radioda kifayət qədər hər gün eşidirsən. Sağ  olsun DJ-lər axırda da olsa 80-90 –ci illərin xitlərini yadımıza salırlar. Əgər düşünürsünüzsə ki, toylara bəy və gəlinin love story-sinin sproyektorla göstəriləmsindən və duman içində rəqs edilməsindən daha fərli axı nə yenilik gətirmək olar sualını verirsənsə, əmin edirəm ki, bu yeniliklərin sayı hesabı kifayət qədərdir. Sadəcə maraqlanıb bu mənbələri tapmaq lazımdır ki, bizim saytda da bu barədə məlumatlar dərc olunacaqdır.

    1. Toya pul atma ənənəsi.

    Toy edən ailəyə hər hansı bir köməklik etməkdə pis bir şey yoxdur. Amma.... Əmması da həmişə yaranır! Məsələ ondadır ki, toy sahibi qonaqlara bəzən pul kisəsi kimi baxması və bunun da qonaqlar tərəfdən anlaması, yekunda toya sirsifətindən zəhrimar yağan insanların yığıncağının şahidi olmaq olar. Əgər sənin toyuna kimsə ürəkdən deyil, üzündən keçə bilmədiyinə görə gəlibsə bu gələcəkdə sizin aranızda daha güclü bağlar deyil, əksinə aranızda olan uçurumun daha da dərinləşməsinə  gətirib çıxaracaq. ətrafımızda daim toya dəvətnamə alan insanın narazılıqlarını, çətinliklərini  və üz turşumalarını görəndə toyun, yoxsa yasın daha kədərli hadisə olması fikri aparır məni. Yəqin az eşitməmisən ki, “toy borcdur” nə qədər salıbsa, o qədər də salacam. Qohumun biri 2000 –ci illərin əvvəlində kənddə toy edir, şəhərdən gələn 50 azn atırsa, demək 2019-cu ildə bahalı restoranda toy edən də bu qohumu dəvət edəndə 50 azn geri qaytaracaq. Biri “toy borcdur” prizmasından yanaşır, digəri isə devalvasiya, inflyasiya və məkanın bahalılığı baxış bucağından. Nə baş verir yekunda? Axşam konvertdən 50 azn pul çıxanda bu rayondakı, qohum qohumlar siyahısından silinir. Bu da toyun yaratdığı birlik. Toymu etməyək? Qohummu çağırmayaq?  Əsla! Sadəcə dəvət edəndə puluna ümüd edərək deyil, sadəcə həqiqi yaxınlığa görə dəvətlənməliyik. Düşünürəm ki, sizi toyuna yalnız pulunuza görə çağıran qohumdan nə qədər uzaq olsaz, həyatda ümidləriniz daha az qırılacaq.

    1. Toyların cansığıcılığı.

    Çox qəribədir. “Toy” sözü, Azərbaycan dilində “bayram” sözünə bərabər tutulan və ard-arda deyilən bir ifadədir. Bəs necə olur ki, bəzən bu sözü öz ünvanıva eşidəndə soyuq tər basır?! Paradoks. Toylarda olan musiqi səs küyünün yükəskliyi, şadlıq sarayların əksəriyyətində akustikanın bu desibelə (səs yüksəkliyi göstərici) nəzərə alınmaması toydan çıxandan sonra səhərə kimi bu musiqinin beynində oynaması ilə nəticələnir. Yaşlılarda isə əlavə narahatçılıq,həyəcan və yüksək təzyiqlə bitir. Bəs bu qədər səsin verilməsinin səbəbi nədir? Zor gücünə dəvət olunan insanda sankı bayram təəssüratı, xoş əhval və yekunda əlindən tutaraq rəqs meydançasına vızılladılmasa qarşılıq olaraq da yüksək səsli mahnı olmalıdır. Nağara nə qədər sürətli qapazdanarsa, kalonkalar nə çox silkələnərsə bu həmin toyun maraqlı və şən keçməsinin bir başa göstərici olacaqdır. Bu ritmdə iki uşaqlıqda rəqsə gedən bambılı qız və oğlanın corabda oynayaraq rəqs meydançasından çıxmaması və öz məharətlərini göstərməsi isə toya ayrı bir ləzzət verir sanki. Digər tərəfdən toya dəvət olunan 500 nəfər qonaqlardan zalın o biri başında lojada sütünün arxasında mahnını  eşıtməsi üçün səsi qaldırmayasan neynəyəsən. Səsi qaldırırsan səhnəyə yaxın olanların əsəbləri korlanır, aşağı salırsan toya araq vurmağa gələn əmilərin bədəni yaxşı qızışmır. Qəyıdıram yenə əvvəlki bəndə. Bəlkə bir az qonaqların sayını azaldaq? Qətiyyən yox! Onda gələn qohumlar deyər ki, toy sahibinin hörməti yoxdur, qonağı azdır.

    1. Qulaqasılmayan tostlar.

    Məclis başlayandan bitənə qədər nəsildə nə qədər ki böyük-kiçik var əgər hamısı bircə dəfə də olsun əlində o sehirli çubuğu-mikrafonu tutub, bundan əvvəlki deyilən –“ xoşbəxt olsunlar, qoşa qarısınlar” cümlələrini təkrarlamasalar bu toydan toy olmadı ki?! Xüsusilə Rusiyadan gələ bilməyən gəlinin dayısının təbriklərini tamada bizə çatdırmasa, qonaqlar düşünəcək ki, bu qızın dayısı ölüb.Yekunda 5-6 saat davam edən toyun 2-3 saatı bəy və gəlindən başqa heç kəsin qulaq vermədikləri sönük vaxta çevriləcək. Öz paltarlarını və ya rəqs məharətlərini göstəməyə gələnlər üçün isə həyatın ən səbrsiz anlarına çevriləcək. Vay ö günə ki, mikrafonu əlinə ürəyidolu bir baba alsın.

    Digər tərəfdən bunun müsbət tərəfləri də var. Uzun illər bir-birini görməyən universitet yoldaşları rahatca qulaq eşidərək söhbət edə bilir bu dəqiqələrdə. Mahnı başlayana kimi isə kababdan bir dişdək alıb qaçırlar foyeyə. Bir də baxırsan ki, foyedə adam sayı toy zalından daha çox imiş. Fikrimcə valideynlərin qonaqları salamlamaları və dəvətlərini qəbul edən qonaqlara təşəkkür etməsi kifayətdir. Dili kəlmə tutmayan  və çənəsi bir saniyə də olsun dayanmayan qohum və dostları sınağa çəkməyə dəyməz.

    1. Toy şadlıq sarayında olar.

    Əgər xarici ölkələrə baxsaq orada demək olar ki, şadlıq sarayı adlı məhfuma rast gəlmək olmaz. Toy və məclislər restoranlarda, hotellərin konfrans zallarında və ya isti havada hovuzun kənarında, ağacların altında qazon üstündə keçirilir. Bakıda hoteldə yalnız ölkənin ən imkanlı təbəqələri toy edir. Buna da səbəb var. Həmin hotellər 5+ ulduzlu mehmanxanalardır.  əslində isə heç də bütün hotellər bu qədər bahaçıl deyillər. Onların arasında 3-4 ulduza sahib olanlar var ki, heç də varlı təbəqə üçün nəzərdə tutulmayıb. Lakin bir reallığı qəbul et ki, şadlıq sarayları aşağı və orta təbəqəli insanların toyları üçün daha az baş ağrılı və cəlbedici şərtlər və servislərlə çıxış edirki, hotellər bunu etmək marağında olmurlar və göründüyü kimi bu rəqabətdə uduzurlar.

    1. Kreditə alınmış cehizlər.

    Bizim mentalitetin belə bir xüsusiyyəti var ki, əgər oğlanın evi, qızın isə cehizi yoxdursa onun toy meydanında nə işi azıb? Bu səbəbdən oğlan ev-maşın almayana, qız cehizlərini toparlamayana kimi evlənməyəcəklərinə and içiblər. Sözsüz ki, valideynlər də bu işdə öz boyunlarına yükün əsas hissəsinin düşdüyünü hiss edib, min-bir xərc, kredit və ya toydan gələn pulnan borcları bağlayarıq ideyalarına sadiq qalaraq düşürlər əl ayağa. Bu borcu qaytara bilməyəndə nə kimi fəsadların yarandığını fantaziya etmək çətin deyil. Götürsək elə həmin məsafəcə yaxın, düşüncəcə uzaq qonşularımızın toy cütlüyünün toydan sonra kirayədə və özlərinə məxsus olmayan mebellərdə yaşaması bir fəlakət kimi qəbul edilmir. Cavanlar isə öz gələcəyi barədə düşünüb, həyatda bir xoş güzəran qazanmaları üçün var gücləri ilə çalışmağa önəm verirlər. Bu işdə heç də valideynlərinə ümud bağlamırlar.

    1. Toy Korteci

    Düzdür toy korteclərinin uzunluğuna və səs-küyünə görə biz hələ Şimalı qafqaz xalqlarından geri qalsaq da, ümumilikdə kortecdə 10 maşın, içində biri Gelik olmayan avto karvan standartlardan aşağı hesab olunur. Görməmişin bir oğlu oldu, vurub gözün çıxardı atalar sözündəki kimi, biz kortecdəyiksə, bütün şəhər bilməlidir ki, biz toy edirik. Və bu kortec həmin günün gündəmində olmalıdır. Ona görə əvvəllər "nol yeddi" indi isə Niva sürən qaqalar təzə disklərini göstərmək üçün 999 oyundan çıxacaq. Kortecdə olan maşın isə polis tərəfindən sanki, toxunulmazlıq statusu almış olacaq. Ona görə də dəfələrlə toy karvanları ölümlə itkilənən qəzalara düşüb, tez-tez isə yüngül xətalarla üzləşməli olurlar. Təzə Pradosu ilə Rusiyadan gələn qohumlar isə əzilmiş arxa qapılarının hayında.

    Televizorda gördüyümüz isə odur ki, onlarda-xaricdə bəy gəlin maşının dalınca elə bir axın olmur və təkcənə cütlüklər ən yaxın dostların müşayiəti ilə məclisə təşrif buyururlar.

     

    Məqalədə məqsəd bizləri pisləmək deyil. Əksinə ənənələrimizi qoruyaraq daha rahat mühitli və kreativ toy sahibi olmağınıza işıq ucu göstərməkdir. Toyunuzun daha maraqlı, sevinc dolu anlarla yaddaqalan bir günə çevrilmək ümidi ilə...